top of page

Ümumdünya uşaqlar gününə həsr olunan beynəlxalq konfrans keçirilib

Noyabrın 20-də Bakıda- Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə “Uşaq ürəkləri Azərbaycanda döyünür” devizi ilə keçirilən beynəlxalq konfransın rəsmi açılışı olub. 20 noyabr- Ümumdünya Uşaqlar Gününə həsr edilmiş “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” konfransı, həmçinin “uşaq hüquqları” nın əsas təməli sayılan “sağlamlıq hüququ” nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövlətinin və səhiyyəsinin göstərdiyi dəstəyin nümunəsidir. Konfransa 5 qitəni – Amerika, Avropa, Asiya, Avstraliya, Afrikanı əhatə etməklə 47 ölkədən dəvət olunmuş 200-ə yaxın görkəmli elm adamları ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, təhsil və səhiyyə sahəsinin görkəmli nümayəndələri, ziyalılar qatılmışlar. Anadolu Universiteti “Azərbaycan proqramları” koordinatoru Azər Hətəmov da konfransda iştirak etmişdir. Konfransdan öncə qonaqlara bu möhtəşəm memarlıq abidəsi haqqında məlumat verilmiş, həmçinin qonaqlar kompleksdəki Heydər Əliyev muzeyi və sərgi salonu ilə tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli konfrans iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, artıq Azərbaycan bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sevindirici haldır ki, bu tədbirlərin bir çoxuna Heydər Əliyev Mərkəzi ev sahibliyi edir. Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Heydər Əliyev Mərkəzində keçirilən bu mühüm tədbir, həm də qonaqlara Azərbaycanın son illərdə qazandığı nailiyyətlərlə də tanış olmaq imkanı verəcəkdir. Nazir müavini Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş səhiyyə sahəsindəki dövlət proqramlarının icrasından bəhs edərək bildirib ki, ölkəmizinin bütün vətəndaşlarının, xüsusilə hər bir uşağın sağlamlığı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetinin prorektoru və dünyanın müxtəlif ölkələrindən gəlmiş görkəmli elm adamlarının çıxışları olmuşdur.



6 views

Comments


bottom of page