19 iyul tarixində Türkiyənin Anadolu Universiteti, Türkiyənin Azərbaycandakı Səfirliyinin və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Milli Mətbuatın yaranmasının 143 illiyi və Jurnalistika günü münasibətilə Tədbir keçirmişdir. Tədbirdə Azərbaycanda rəsmi səfərdə olan Anadolu Dövlət Universitetin rektoru professor Naci Gündoğan, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Anadolu Universitetinin Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) başqanı Camal Yangın,Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başqanı Hüseyn Böyükfırat və Azərbaycan KİV-in bir qrup nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov tədbir iştirakçılarını salamlamış,Azərbaycan KİV nümayəndələrini onların peşə bayramları münasibətilə təbrik etmişdir. Sonra Azərbaycandan Türkiyənin Anadolu Universitetində məsafədən,distant (uzaktan eğitim) yolu ilə təhsil alan tələbələrə məsafəli təhsili texniki bazasında göstərilən texniki xidmətlər haqqında məlumat verərək, onları bu sistemlə tanış etmişdir. Anadolu Universiteti rektoru professor Naci Gündoğan Anadolu Universiteti haqqında məlumat verərək bildirmişdi ki , Anadolu Universiteti 1958-ci ildən fəaliyyət göstərən, 60 illik tarixə malik dövlət universitetidir. 1982-ci ildən etibarən Türkiyə və xarici ölkələrdəki tələbələrinə uzaqdan təhsil verməkdədir. İndiyədək yalnız distant (məsafədən) təhsil alan 3 milyon məzunumuz olub, hazırda 1 milyona yaxın uzaqdan təhsil alan tələbəmiz var. Anadolu Universiteti olaraq dünyanın bir çox ölkəsindəki tələbələrə uzaqdan təhsilalma imkanı yaratdıqlarını, ancaq Türk dünyasına, özəlliklə də Azərbaycana bu sırada daha çox önəm verdiklərini qeyd edən rektor, 2009-cu ildən başlayaraq Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə uzaqdan təhsil yolu ilə (məsafədən) təhsil almaları üçün imkan və şərait yaradıldığını qeyd etdi.Rektor həmçinin məlumat verdi ki, Anadolu Universitetinin uzaqdan təhsili üzrə Türkiyədə və dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda filial mövcud deyil, çünki uzaqdan informasiya komunikasiya texnologiyaları vasitəsilə verilən bu təhsil formasında buna gərək yoxdur. Mətbuat nümayəndələrinin: “Azərbaycanda digər universitetlərlə əməkdaşlıq edirsinizmi?” sualına cavab olaraq rektor bildirdi ki, “Bəli, 2011-2013-cü illər ərzində Anadolu Universiteti Azərbaycanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığa başlamışdır. Anadolu Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası,Dövlət İdarəçilik Akademiyası, Bakı-Slavyan Universiteti, İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair protokollar imzalanıb və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.” Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən də danışan rektor bildirib ki, Türkiyə çətin vəziyyətdə olanda ilk Azərbaycandan dəstək aldı, Türkiyə də eyni dəstəyi verməyə hər zaman hazırdır. “Türkiyə ilə Azərbaycan doğrudan da bir millət, iki dövlətdir “ deyən rektor bunun yalnız sözdə deyil ,həm də əməldə özünü göstərdiyini , Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin məhz bu dostluğa bariz nümunə olduğunu xüsusi vurğuladı. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral mətbuat nümayəndələrini bayram münasibətilə təbrik etmiş və bildirmişdir ki, Anadolu Universiteti Türkiyənin ən köklü, dünyada ən çox tələbəyə malik olan ali məktəblərindən biridir. Bu universitetin xidmətlərindən gənclərin daha çox yararlanması üçün səfirliyin də dəstək olduğunu qeyd edən səfir, bu tədris müəssisəsinin distant təhsil aparan nüfuzlu ali məktəb olduğunu , diplomlarının dünyada tanındığını və bu Universitetin Türkiyənin və Azərbaycanın qanunlarına uyğun şəkildə fəaliyyət göstərdiyini vurğulamışdır. Həmçinin Türkiyə və Azərbaycan arasında münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini bildirən səfir ikitərəfli əlaqələrimizdə təhsilin xüsusi yer tutduğunu vurğulayıb, bu istiqamətlərdə görülən işlərdən danışıb. Sonra videokonfrans salonunda iştirakçılarla Əskişəhər Anadolu Universiteti studiyası arasında canlı bağlantı yaradılmışdır. Anadolu Universitetinin birinci prorektoru-Açıq tədris fakültəsinin dekanı professor Yücel Güney və Açıq tədris fakültəsinin dekan müavinləri interaktiv üsulla baş tutan görüş zamanı qonaqları salamlamış, Anadolu Universitetinin uzaqdan təhsili (distant ) haqqında məlumat vermişdilər. Xalq qəzetinin nümayəndəsi Tahir Aydınoğlu çıxış edərək, uzaqdan verilən təhsilin təhsil almaq istəyənlər üçün , xüsusilə də işləyən şəxslər üçün gözəl bir fürsət və şans olduğunu bildirmiş, həmçinin Anadolu Universiteti tərəfindən Azərbaycanın media nümayəndələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir. Daha sonra çıxış edən ATİB İdarə Heyətinin sədri cənab Camal Yangın Azərbaycanın mətbuat nümayəndələrini bayram münasibətilə təbrik etmiş,ATİB olaraq bundan sonra da Anadolu Universitetinin uzaqdan təhsilinə mümkün köməklik göstərəcəklərini bildirmişdir.
Tədbirdən olan şəkilləri sizə təqdim edir və öz növbəmizdə Anadolu Universiteti Azərbaycan Proqramları olaraq dəyərli mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edir, onlara bu şərəfli və məsuliyyətli vəzifələrində yaradıcılıq uğurları arzulayırıq!
http://mediatv.az/cemiyyet/47128-anadolu-universitetinde-milli-metbuatin-143-illiyi-qeyd-edildi.html
Comments