Bacarıqlı və çalışqan tələbələrimizin dərs çalışma üsullarını sizlərlə paylaşmaq , onlara fikirlərini ifadə etmək imkanı vermək onlar qədər bizi də motivə edir. Növbəti “Onur Belgesi” alan tələbəmizlə olan müsahibəmizi təqdim edirik:
–Salam, ilk olaraq sizi tanıyaq. Firuzə kimdir və hal-hazırda hansı fakültədə təhsil alır, neçənci kursdur?
–Salam, Məmmədzadə Firuzə 8 May 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi 2012-ci ildə bitirdikdən sonra, Anadolu Universiteti “Açıköğretim Fakültesi”nə sənəd verdim. Əslində bir neçə fakültə arasında seçim qarşısında qalmışdım, lakin bunlar arasında idarəetmə həmişə mənim marağımda olduğu üçün “İşletme” fakültəsini seçdim və hal-hazırda 4-cü kursda oxuyuram.
–Niyə məhz Anadolu Universitetinin “İşletme Fakültesi”ni seçdiniz və bu seçimi etdikdə hansı məqsədləri qarşınıza qoymuşdunuz?
–Uşaqlıqdan hər zaman atam kimi iş adamı olmaq istəmişəm, buna görə də, heç vaxt özümü başqa sahədə təsəvvür etməmişəm. Anadolu Universitetindəki fakültə seçimləri, mənim gələcəkdə kim olmaq istəyimə çox yaxın idi. “İşletme” fakültəsi dərsliklərinə görə də çox çətin deyil. Mənə görə bu bölümü oxumağın üstünlükləri var, düşünürəm ki, gələcəkdə iş adamı olmaq, uğurlar qazanmaq üçün “İşletme” fakültəsini oxumaq daha çox kömək olacaq.
–“Onur Belgesi” alan tələbəsiniz, bunu necə əldə etdiniz? biraz bu barədə danışardınız.
–İlk dəfə “Onur Belgesi” alanda mən ikinci kursda oxuyurdum, hətta inanmamışdım aldığıma, düzdü dərslərimi yaxşı oxumağıma baxmayaraq imtahana 2-3 gün qalmış həyəcanlanırdım (mən heçnə yaza bilməyəcəm,mən hazır deyiləm, çox pis keçəcək kimi fikirlər var idi), amma imtahanda suallara baxanda həyəcanım keçirdi və yaxşı yazırdım. İmtahandan çıxdıqdan sonra anlayırdım ki, son aylarda yuxusuz qaldığım gecələrə, dərs oxumağıma dəyərmiş. Birinci dəfə “Onur Belgesi” alanda dedim ki, niyə də hər imtahanda almayım axı və mütləq dördüncü kursda da alacam. Hər bir insan özünə inanmalıdır. Amma həyəcan məsuliyyətdən irəli gəlir, bir də dərslərin çətin olması haqqında deyilən fikirlərə gələndə, məncə çətinlik gözümüzdə böyütdüyümüz qədərdir. Əslində planlı şəkildə vaxt ayırıb dərs çalışsaq çox asandır.
–Sizin kimi başarılı bir tələbə olmaq üçün, digər tələbə yoldaşlarınıza nələri tövsiyə edərdiniz?
–İlk növbədə zamandan düzgün istifadə etmək lazımdır. Mən gün ərzində 12 saat və daha çox dərs oxumağa vaxt ayırıram. Daha çox dərs təkrarı edirəm, bundan çox şey asılıdır bəzən bir mövzunu iyirmi dəfədən çox oxuduğum olur. Daha çox sərbəst test həll etməyə üstünlük verirəm, ən çox da imtahana az vaxt qalmış bütün fənnləri təkrar edirəm, imtahanın son saatına qədər kitablarım yanımda olur.
–Anadolu Universiteti “Azerbaycan Proqramları”da təhsil almaq istəyən tələbələrə nə məsləhət görərdiniz? Buradakı təhsili necə dəyərləndirirsiniz?
–İlk növbədə, Anadolu Universitetini seçmək istəyənlərə gələcəkdə kim olacaqlarını bilib gəlmələrini məsləhət edirəm, çünki hələ fikirində kim olmaq istədiyini bəlli etməmiş insan, ixtisas seçimində düzgün seçim etməyə bilər, ona görə də tələsməsinlər seçim etməyə, qərar versinlər sonra seçim etsinlər. Çünki, hər yaşda oxumaq mümkündür.
–Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Hansı əlavə məşğuliyyətləriniz var?
–Dərslər başlayanda boş vaxtım olmur, ancaq dərslərimi oxuyuram, tətil vaxtı da bədii əsərlər oxuyuram. Daha çox boş vaxtımı kitab oxumağa, film izləməyə və yeni musiqiləri dinləməyə sərf edirəm.
–Kitab Oxumaq…. sizin üçün nə ifadə edir? Çox oxuyursunuz? Sizə görə oxuyan nə qazanır, oxumayan nə itirir?
–Kitab oxuyan insan heçnə itirmir əksinə qazanır. Kiminsə yanında mən bu kitabı oxumuşam demək üçün, kitab oxumaq lazım deyil. Hər bir insan öz dünyagörüşünü artırmaq üçün kitab oxumalıdır. Oxuduğumuz kitabı analiz etmək üçün (kitabın mənə verdiyi fayda nə oldu, mənə və ətrafdakı insanlarla münasibətimə necə təsir etdi), bir kitabı bitirdikdən sonra digər kitaba keçmək üçün arada iki gün məsafə olmalıdır. İndiyə kimi, oxuduğum əsərlərdən çox fayda əldə etmişəm. Dördüncü sinifdə oxuyarkən “Kitabi Dədə Qorqud”la kitab oxumağa başladım, hətta müəllimim dərs vaxtı kitab oxumağıma icazə vermirdi, mən stolun altında, dizlərimin üstündə kitabı oxuyurdum. Bədii ədəbiyyatda Fyodor Dostoyevskinin yaradıcılığını çox bəyənirəm, son bir ayda iki əsərini oxumuşam “Alçaldılmış və təhqir edilmiş insanlar” və ” Ölü evdən qeydlər” bu əsərləri oxuduqdan sonra anladım ki, insan üçün sadəcə düz yol yoxdur, sağ və solda var. Dostoyevski mənim üçün yeni qapılar açdı, sanki başqa bir dünyanın da olduğunu gördüm. Qeyd edim ki, kitabı mütləq alıb oxumaq lazımdır, internetdən kitab oxumaq nəşr olunan kitabın yerini vermir.
–Son olaraq nələr demək istərdiniz?
–Mənə çox gözəl dostlar və çox hörmət etdiyim statistika müəllimimiz olan “Mahmut hoca”nı tanıtdığı üçün Anadolu Universiteti “Azerbaycan Proqramları” rəhbərliyinə təşəkkür edirəm. Demək istərdim ki, əgər artıq biz burdayıqsa oxumalıyıq , çünki dörd ilin sonunda bizi diplom gözləyir. İnsanın məqsədi olmalıdır, çünki məqsədi olmayan insan küləkli havada, dənizin ortasında hansı istiqamətə gedəcəyini bilməyən insan kimidir. Hər bir insanın məqsədi olmalıdır və inamla məqsədə doğru addımlamalıdır.
Təşəkkür edirik çox gözəl müsahibə oldu, sizə hər bir işinizdə uğurlar arzu edirik!
Müsahibə aparan: Gülər Qasımlı.
Comments