Əvvəla sizi Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olduğunuz üçün təbrik edirik. Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.
-Öncəliklə təbrikiniz və müsahibədə iştirakımı təmin etdiyiniz üçün sizlərə təşəkkür edirəm. Mən Azadə Həsənova, Anadolu Universiteti Azərbaycan Proqramları “İşletme” fakültəsi, “İşletme” bölümünün məzunuyam. Hal-hazırda isə özəl şirkətlərin birində marketinq mütəxəssisi olaraq fəaliyyət göstərirəm.
-Distant təhsil sistemi məzunu olaraq təhsilin bu növü ilə bağlı fikirlərinizi öyrənmək bizə və oxucularımıza maraqlı olardı.
-Dünyanın ən qabaqcıl universitetlərində, həmçinin Anadolu Dövlət Universitetində 35 ildən çox tədris edilən distant təhsil sayəsində bu il bakalavr pilləsindən məzun oldum. Buna görə çox qürur duyduğumu bildirmək istəyirəm. Və distant təhsil sayəsində ali təhsil almaq bir tələbəyə fərdi çalışma vərdişinə yiyələnməyi, distant təhsil sayəsində planlı çalışmağı və öz xüsusiyyətlərinə görə planlama növlərini öyrədir. Anadolu Universitetində distant təhsil almaq istəyən dostlarımıza tövsiyə etmək istərdim ki, unutmasınlar ki, çətin və məsuliyyətli yolun sonunda əldə edilən nailiyyət çox dəyərli olur.
-Ali təhsil almaq həyatımızda mühüm yer tutur. Bu mənada, bitirdiyiniz Anadolu Universitetinin sizin həyatınızda oynadığı roldan və sizə verdiyi təhsilin keyfiyyəti barədə fikirlərinizi öyrənmək maraqlı olardı?
- Anadolu Universitetinin tələbəsi olmaq üçün araşdırma edərkən universitet haqqında bir çox müsbət fikirlər əldə etdiyimdən qəbul imtahanına həvəslə və inamla hazırlaşmışdım. Dünyanın ən yaxşı 100 Universitetinin sıralamasına baxarsaq, bu siyahıda Anadolu Universitetinin yer aldığını görərik, bu isə şübhəsiz insana necə keyfiyyətli bir təhsilin onu gözləyəcəyindən xəbər verir. İlk növbədə vurğulamaq istərdim ki, mən təhsil almaqla yanaşı paralel şəkildə iş təcrübəsi də əldə edə bildiyim üçün distant təhsilin mənə verdiyi üstünlüyünü əyani surətdə yaşadım. Universitet müəllimlərini tanımaq isə türk dilinə yiyələnməyimizə, dərslərdə başarılı olmağımıza çox böyük dəstəyi oldu. Müəllimlərimizlə əlaqələr hələ də davam edir. Anadolu Universiteti sayəsində gözəl dostlar qazandım.
-Hər kəs universitetdə təhsil alarkən gələcək üçün bəzi xəyallar qurur. Təhsil aldığınız müddətdə gələcəyinizlə bağlı planlarınız nədən ibarət idi ?
-“İşletme” fakültəsindən məzun olacağımı düşünəndə sevinirdim çünki, bu artıq gələcəkdə öz işinin “BUSİNESS LADY”si olmaq demək idi. Hal-hazırda da eyni düşüncədəyəm yəqin ki, yaxın illərdə “İşletme”ci olaraq öz karyerama davam edəcəm.
-Hal-hazırda Anadolu Universiteti Azərbyacan Proqramlarında oxuyan tələbə dostlarınıza tövsiyyələriniz nədir?
-Sadəcə və sadəcə oxumaq lazımdır. Bizim Universitetin təhsili necə yüksək səviyyədədirsə, oxumaq da bir o qədər zəhmət tələb edir. Oxumadan başarıya yol açmaq isə mümkünsüzdür. Türkiyə Cümhuriyyətinin ölməz atası Mustafa Kemal Atatürkün də dediyi kimi, “Hayatta en hakiki mürşit ilimdir.”.
-Bundan sonra yeni biliklər əldə etmək istədiyiniz başqa sahələrlə bağlı yenidən Anadolu Universitetinə müraciət edərsinizmi?
-Bəli ikinci hədəfim magistr pilləsindən də məzun olmaqdır və artıq elə Anadolu Universitetinə magistr üçün müraciət etmişəm bu ayın sonu nəticələr açıqlanacaq.
Anadolu Universitetində təhsil almış bir tələbə kimi abituriyentlərə universitet seçimində kömək edəcək hansı məsləhətləri verə bilərsiniz?
- İlk öncə həyatda nə istədiklərini, nəyi sevdiklərini, hansı sahədə özlərini görməkdən qürur duyacaqlarını dəqiq seçsinlər. Sonra seçdikləri sahənin hansı Universitetlərdə daha yaxşı tədris olunması haqqında axtarış etsinlər. İndi hər şey haqqında məlumat almaq sadəcə bir neçə saatımızı alır. Hər kəsə seçdiyi yolda uğurlar diləyirəm.
Comments