Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, uğurlu hekayələr rubrikasını davam etdiririk. Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz, Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurlarla, onların rastlaşdığı problem və çətinliklərlə oxucularımızı tanış edək. Məqsədimiz hər bir gəncin özünə həyatda layiqli yer tutmasında yardımçı olmaqdır. Elə bugünkü qonağımız, Anadolu Universitetinin məzunu Gülnarə Qarayevanın da sizə deyiləsi sözləri var. Həmişə olduğu kimi, onunla da söhbətimizi ənənəvi sualdan başlayırıq.
Gülnarə xanım, qısa da olsa, özünüz barədə məlumat verərdiniz?
Mən 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Elə orta təhsilimi də Bakının 20 saylı orta məktəbində almışam. Hələ məktəbin yuxarı siniflərində oxuyarkan, hər bir gənc kimi, mən də ali təhsil almaq, öz həyatımı və karyeramı qurmaq arzusu ilə yaşamışam. Vaxtı gəlib çatanda həm ali təhsil aldım, həm də işlə təmin edildim. Və bunların hamısının səbəbi, Azərbaycanı tərk etmədən Anadolu Universitetindən distant formada aldığım təhsil oldu. Anadolu Universitetinin məzunu olmaq çox qürurverici bir hiss olmaqla yanaşı, böyük məsuliyyət də tələb edir
Anadolu Universiteti və məzunu olduğunuz “Beynəlxalq Münasibətlər” fakultəsini seçmə səbəbiniz?
Qeyd etdiyim kimi, eyni vaxtda həm ali təhsil almaq və həm də işləmək arzusunda idim. Anadolu Universitetinə gəlməyim təsadüfən baş vermədi. Çünki bu universitet haqqında çox eşitmişdim. Lakin hardasa tərəddüd edirdim. Qərarımı verməkdə mənə ilk olaraq valideynlərim dəstək oldular. Və Anadolu Universitetini seçdiyimiz üçün peşman olmadıq, çox düzgün qərar verdiyimizi zaman göstərdi.
Siz nəyi nəzərdə tutursunuz?
Mən ilk növbədə Anadolu Universitetini və onun Azərbaycan Proqramlarını nəzərdə tuturam. İlk gündən mən burada qayğı, səmimilik və peşəkarlıq gördüm. Buranın özünəməxsus müsbət aurası var. Tələbələr bir-birləri ilə texnologiyanın bizlər üçün verdiyi imkanlardan istifadə edərək , virtual və əyani təmasda ola bilirlər, öz problem və qayğılarını dostları ilə bölüşürlər. Rəhbərlik və işçi heyətinə gəldikdə isə, biz çəkinmədən öz qayğı və istəklərimizi onlara çatdırmaq imkanlarımız var. Və çoxlarımız bu imkandan yararlanaraq faydalanırıq.
Sizin söylədiklərinizin əksəriyyəti daha çox insanlar arasında olan münasibətlərə aiddir. Bəs dərslər haqqında nə deyə bilərsiniz?
Bildiyimiz kimi, Distant Təhsilin bir çox üstünlükləri mövcuddur. Birincisi və ola bilsin ən əhəmiyyətlisi, təhsil prosesi elə təşkil edilmişdir ki, tələbə tam sərbəstdir. Paralel olaraq işləmək imkanı da var. Lakin, bu sərbəstliyə baxmayaraq biliklərin əldə olunması prosesi çox ciddidir və hər bir tələbədən yüksək məsuliyyət hissi tələb edir. İmtahanları müvəffəqiyyətlə vermək üçün oxumaq, dərslərlə gündəlik məşğul olmaq tələb olunur. Adətən digər təhsil növlərində (qiyabi və.s), nə dəsrliklə təmin olunmaq, nə də faydalı təhsil prosesindən söhbət gedə bilməz. Lakin, biz tələbələr çox müasir kitab və dərsliklərlə təmin olunurduq, üstəgəl elektron vəsaitlər və videokonfranslar da tədris proqramını mənimsəməmizdə çox kömək olurdu. Sonuncunu xüsusi ilə qeyd etməliyəm ki,bu təhsil metodikası heç də əyanidən seçilmir. Tələbələr Bakıdakı xüsusi konfrans salonundan, Anadolu Universitetinin ən son müasir texnologiya ilə təchiz edilmiş Eşkişehir`dəki xüsusi mərkəzindən canlı olaraq bağlantı yaradılır, dərslər tədris edilir və tələbələr sual verib cavab almaq imkanlarından yararlanırlar. Mən bu imkanlar sırasına eyni zamanda televiziya proqramından, yəni TRT Okul vasitəsi ilə tədris olunan dərsləri də əlavə etmək istərdim.
Bildiyimiz kimi, siz təhsilinizi “Beynəlxalq Münasibətlər” fakultəsində almısınız. Bu sahəni seçməniz nə ilə bağlıdır?
Dünyadakı müəyyən prosesləri dərk etdikdən sonra, dünyada baş verən beynəlxalq siyasi hadisələr məni çox maraqlandırırdı. Lakin, ən əsası bizim Qarabağ problemimizə aid hər şey daima diqqət mərkəzimdə olub. Bu fakultəni seçəndə hardasa bu proseslərdə yaxından iştirak etmək istəyim olub.
Qeyd etdiniz ki, işləyirsiniz. Əmək təcrübənizlə oxucularımızı tanış etməyinizi xahiş edirəm.
Bəli işləyirəm. Həyat elə gətirdi ki, Anadolu Universitetinə qəbul olduğum ildə də işləməyə başladım. Son beş ildə bir neçə şirkətdə müxtəlif işlərdə çalışmışam. Bunlar əsasən xarici şirkətlər olub. Onların adlarını da qeyd etmək istəyirəm, Selpak, Samsung, D’loron parfume, Alcatel One Touch, Sun Mobile kimi şirkətlərdə müvafiq işləri icra etmişəm.
Bunlar əsasən parfüm və mobil telefonlar üzrə şirkətlərdir. Belə seçim nə ilə bağlıdır?
Demək istərdim ki, xarici şirkət və onların nümayəndəliklərində işləmək yüksək məsuliyyət tələb edir. Bu məsuliyyət hissini əldə etməkdə Anadolu Universitində təhsil almağımın çox böyük rolu olub. Mən bu barədə universitetdəki təhsil sistemi haqqında danışanda yuxarıda qeyd etdim. Bax, elə bu məsuliyyət hissi oradan gəlir. Digər tərəfdən, Beynəlxalq Münasibətlər fakultəsində bizə digər biliklərlə yanaşı keyfiyyətli təqdimetmə qabiliyyəti də aşılanırdı. Bu tədris proqramının, işdə mənə çox böyük köməyi dəyir.
Son iş yeriniz haqqında nə deyə bilərsiniz?
Mən hal-hazırda “VİP Express” şirkətində müştəri xidmətlərində çalışıram. Bu işim birbaşa insanlarla ünsiyyət qurmaqla bağlıdır. Bu işdə də mənə universitetimizin imici, aldığım biliklər yardımçı olmaqdadır.
Biz də sizə Anadolu Universitetinin adını uğurlarınızla həmişə yüksək tutduğunuz üçün minnətdarlığımızı bildirir və sizə həyatda müvəffəqiyyətlər arzulayırıq.
Müsahibəni hazırladı:Gülər Qasımlı
Comentarios