top of page

“Azərbaycan Xalq Cümhuriyyəti-97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilib

26 may 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibəti ilə “Azərbaycan Xalq Cümhuriyyəti-97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirib. Konfransda elm xadimləri, QHT rəhbərləri, millət vəkilləri, Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə və media nümayəndələri iştirak edib. Konfransı giriş sözü ilə açıq elan edən AJQA-nın sədri Sevil Yusifova ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verdiyini qeyd edərək bildirib: “Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus boyunduruğundan yaxa qurtarmaq bizlərə XX əsrin əvvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. İnsanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”. S. Yusifova həmin gün həm Şərqdə, həm də Azərbaycanda əlamətdar bir hadisə olduğunu xatırladıb. O, Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının çox böyük rolu olduğunu vurğulayıb. AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın məruzəsi dinlənilib. O bildirib: “Mənim mövzum AXC və qadın siyasətidir. Mən İsgəndəriyyədə seminarda oldum. Orada bildirildi ki, Azərbaycanda Amerika və Avropadan öncə qadına seçki hüququ verilib. 1907-ci ildə Rusiya Dövlət Dumasında Xəlil bəy Xasməmmədov qadınların təhsilə cəlb edilməsi məsələsini diqqətə çəkib”. Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədli bildirib: “Mən istəyirəm ki, AXC dəyərlər sistemindən başlayaraq müasir dövrümüzə nəzər salım. Müstəqillik hər bir dövlət üçün vacib amildir. Bizə 1964-68-ci illərdə AXC, Rəsulzadə və Müsavat haqqında anlayışları deməyiblər. Bu gün Azərbaycana baxsaq, dünyanın heç bir yerində belə inkişaf tempi görünməyib. Ötən əsrdəki müstəqilliyimiz 23 ay yaşadı. Buna görə də hazırkı müstəqilliyimizin qədrini bilməliyik”.

4 views

Comments


bottom of page