top of page

QAPILARI AÇAN UNİVERSİTET

Desək ki, tələbə olmaq hər bir gəncin arzusudur, yəqin ki, yanılmarıq. Lakin bir çox hallarda gənclərimiz məzun olanda, seçim qarşısında qalır. Burada da elə bəzi suallar yaranır: hansı ali təhsil ocağını seçim, hansı ixtisasa yiyələnim? Elə bugünki müsahibimizə – Anadolu Universitetinin Açıköğretim fakültəsinin məzunu Aydan Hacıməmmədovaya ilk sualımız da məhz bu yöndə oldu.


Sual:      Aydan, sən niyə məhz Anadolu Universiteti Açıköğretim fakültəsini seçdin?


Cavab:  Bunun bir çox səbəbləri var. Ümumən götürsək, təhsilin distant növü hər insan üçün geniş imkanlar yaradır. İlk olaraq, bu təhsil forması daha çox sərbəstlik verir. İşdən ayrılmaq problemi aradan qalxır. Paralel olaraq ən azı daha bir təhsil ocağında oxumaq imkanı yaranır. Digər tərəfdən, bu maddi cəhətdən də çox sərfəlidir. Demək olar ki, illik təhsil haqqından başqa hər hansı digər xərclər olmur.  Və nəhayət, sən Türkiyənin ən tanınmış Universitetinin diplomuna Azərbaycandan çıxmamaq şərti ilə yiyələnə bilirsən.


Sual:   Bu gün artıq məzunsan. Gələcək planların necədir?


Cavab: Anadolu Universitetində təhsil olmaq mənim həyatımda çox böyük uğurlara yol açıb. Mən ilk olaraq, 2013-cü ildə Anadolu Universitetinin Orta ixtisas təhsili haqqında (önlisans – iki il) diplomu qazanandan sonra qısa müddət ərzində “Finca” şirkətində işə düzələ bildim. Bu il isə məzun olan kimi, sənədlərimi “Paşa bank” ASC-nin müsabiqəsinə təqdim etdim və Zaqatala filialında iş yeri qazandım. Yüksək maaş alıram, ailəmizin büdcəsinə töhfəm də artıb (gülür).


Sual: Şanslısan?


Cavab:  Mənim bu şans məsələsinə olan münasibətimi bilmək istəyirsinizsə, qeyd etməliyəm ki, hər halda bu şübhəsiz ki, həyatda var. Lakin hər bir insan bu şansa qədər zəhmət çəkməlidir. Atalar demişkən: Səndən hərəkət, Allahdan bərəkət! Mən Zaqatalada anadan olmuşam və kasıb bir ailədə böyümüşəm. Erkən yaşlarımda atamı itirmişəm, anam fəhləliklə, öz halal zəhməti ilə bizi, üç bacını ayağa qaldıra bilib. Mən ailənin son beşiyi olsam da, ərkəsöyünlük etmədən, uşaq vaxtımdan təhsilə və zəhmətə böyük önəm vermişəm. Elə Anadolu Universitetini də özüm seçmişəm. Bax, məhz bu mənada şanslıyam.


Sual: Sən axı, heç gələcək planlarından danışmadın.


Cavab: Bu günlərdə ailə həyatı quracağam. Əgər imkanım olsa, ən böyük arzum təhsilimi davam etməkdir. Lakin qismət olmasa, işdə daha da böyük uğurlar qazanmaq üçün çalışacağam. İnanıram ki, Anadolu Universitetində aldığım biliklər mənim ən böyük yardımçım olacaqdır. Mənə verdiyiniz bu fürsətdən istifadə edərək, üzümü gənclərə tutub demək istərdim ki, Anadolu Universitetinin verdiyi bilik xəzinəsindən və geniş iş imkanlarından yararlanmağa tələssinlər.


Sual: Bəs bu gün səninlə birgə məzun olan yoldaşlarına nə arzu edərdin?


Cavab: İlk olaraq onlara can sağlığı və xoşbəxtlik arzu edirəm. Bir də ki, Anadolu Universiteti məzunu adı ilə fəxr etməyi və onun nüfuzunu daha da yüksəkliklərə qaldırmaq üçün çalışmağı arzu edirəm. Onlar yaddan çıxartmamalıdır ki, məhz Anadolu Universiteti və onun verdiyi biliklər həyatda bir çox qapıları açmaq imkanı yaradır.


Biz də, Anadolu Universiteti Azərbaycan Proqramları olaraq Aydan Hacıməmmədovaya və onunla bu il məzun olan tələbələrə Uca Allahdan bütün niyyətlərinə çatmağı diləyirik!


22 views

Comments


bottom of page