top of page

Azər Hətəmov Azərbaycan Texniki Universitetində (AzTU) olmuşdur

22 may 2013-cü il tarixdə Türkiyənin Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini, professor Aydın Ziya Özgür və Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar. Görüşdə iki qardaş ölkənin elm və təhsil sahəsində əlaqələrinin ildən-ilə genişlənməsindən söz açılmış, universitetlər arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. AzTU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan və Türkiyə arasındakı çox qədim tarixi köklərə malik qardaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirilməsindən danışmışdır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri, maddi-texniki bazası haqqında qonaqlara məlumat vermişdir. Azərbaycanın təhsil sisteminin Avropa təhsil məkanına – Bolonya prosesinə qoşulduğunu vurğulayan rektor Avropanın və dünyanın qabaqcıl ali məktəbləri ilə əlaqələrin əhəmiyyətini xüsusi qeyd etmişdir. Ölkələrimizin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışan H.Məmmədov Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində əlaqələrinin dinamik inkişafından və ildən-ilə genişlənməsindən söz açmışdır. Rektor AzTU-nun Türkiyənin bir çox universitetləri ilə geniş əlaqələri olduğunu diqqətə çatdırmış, bağlanacaq müqavilənin iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsində və daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminliyini bildirmişdir. Anadolu Universitetinin Türkiyədə və dünyada tanındığını deyən H.Məmmədov bu nüfuzlu ali təhsil müəssisəsi ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə etmiş, onun distant təhsil, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki zəngin təcrübəsindən faydalanmağın zəruriliyini vurğulamışdır. Anadolu Universitetinin rektoru, professor Davut Aydın rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1958-ci ildən fəaliyyət göstərən bu ali təhsil müəssisəsində hazırda iki milyonadək gənc təhsil alır. Dünyanın 30-dan çox ölkəsində 42 elmi mərkəzi olan bu tanınmış universitetin Azərbaycanda da iki minədək tələbəsi vardır. Ölkələrimiz arasındakı dostluq münasibətlərini xüsusi qeyd edən D.Aydın, eyni zamanda, ali məktəblər arasında elm və təhsil əlaqələrinin əhəmiyyətindən danışmış, AzTU ilə Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaq niyyətində olduqlarını söyləmişdir. Sonra AzTU ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlığa dair protokol imzalanmışdır. Sənədi rektorlar- H.Məmmədov və D.Aydın imzalamışlar. Müqavilədə birgə tədris, elmi tədqiqatların aparılması, müəllim və tələbələr arasında təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur. Görüşdə müqavilədən irəli gələn bir sıra digər məsələlər, o cümlədən virtual əlaqələrin inkişafı, videokonfrans və simpoziumların, elmi-təcrübə mübadilələrinin, müştərək tədbirlərin təşkili məsələləri müzakirə edilmişdir.



15 views
bottom of page