top of page

“Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı tədbir keçirildi.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Bakının Binəqədi rayonunda baş tutub. Yüz nəfərə yaxın gəncin iştirakı ilə baş tutan tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.Tədbirin keçirilməsində məqsəd gənclərimizə azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər  ruhlu, ziyalı gənclərin yetişməsinə xidmət etməkdir. Tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov layihə barəsində məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində bu günə kimi Şəmkir, Qəbələ və Salyan rayonlarında yüzlərlə gəncin iştirakı ilə konfranslar keçirilib və Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi elan edilib. TUMİB sədri çıxışında Azərbaycançılıq ideologiyasının dərindən mənimsənilməsinin, vətəni layiqincə qorumaq, ona xidmət etməyin gənclərimizin müqəddəs vəzifəsi olduğunu bildirdi. Salonda əyləşən gənclərə müraciət edən TUMİB sədri onları ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırıb. Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Tanınmış jurnalist beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğuna diqqət çəkərək, 1 milyon insanın doğma yurd-yuvasından didərgin düşməsini qeyri-insani hərəkət adlandırıb. Tədbir iştirakçılarını diaspora təşkilatları ilə əməkdaşlığa səsləyən S.Verdizadə deyib ki, gənclərimiz yalnız müxtəlif xarici dilləri yüksək səviyyədə öyrənməklə Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər. Sonra Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov çıxış edərək qeyd etdiki azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. A.Hətəmov Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsini, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması məqsədilə Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılmasını, cənab İlham Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi kimi görülmüş tədirlərin önəmindən bəhs etdi. Daha sonra Gənclər Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Şərafəddin Şərifov və digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Gənclər Fondunun vitse prezidenti Salman Əliyev mövzuya davam edərək  gənclərə yaxşı oxumağı, savadlı olmağı məsləhət gördü. Daha sonra tələbələrin verdiyi suallar cavablandırıldı. Sonda tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və  TUMİB-in təsis etdiyi diplomlar ilə təltif ediliblər. Tədbirdə ilk olaraq Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmova təqdim edilən diplom “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” layihəsində fəal iştirakına görə təltif olunur.

9 views
bottom of page